Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov bildirib ki, Ata Abdullayevin səhifəsini idarə edib: “İxtisasca dizayner və qrafikəm. Ata Abdullayevin videobloger səhifəsində işləmişəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm”.
Telefon satışı ilə məşğul olan Azər Abbasov bildirib ki, Ata Abdullayev onlardan tez-tez telefon alıb: “Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı”.
Prosesdə şahid qismində ifadə verən Elgiz Əliyev isə deyib ki, zərərçəkən Elmar Əliyevlə yaxın dost olublar: “Dostlarımız dedi ki, Ata Abdullayev Elmarla bağlı nəsə paylaşır. Mən Elmarla danışdım, dedi ki, Ata onun haqqında videolar hazırlayıb şantaj edir”.
Şahid qeyd edib ki, Elmar Ata Abdullayevin şantajlarından qorxduğu üçün telefon alıb:
“Elmar dedi ki, telefon alandan sonra onun haqqında heç nə yazılmayıb”.
Ata Abdullayev şahid Elgiz Əliyevdən dostu haqqında videoya baxıb-baxmadığını soruşduqda, şahid bildirib ki, video ona maraqlı olmadığından baxmayıb”.
Ata Abdullayev şahidin çıxışına etiraz edib və onu mahiyyəti üzrə sualla cavab verməsini tələb edib.
Məhkəmənin növbəti baxış iclası noyabrın 16-na təyin edilib.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.