Asya Aslanova narkozdan zəhərlənib? – Həkim

Asya Aslanova narkozdan zəhərlənib? – Həkim

Asya Aslanovanın orqanizminə narkozdan infeksiya düşməsi ilə bağlı səsləndirilən iddia yanlışdır. Narkoz (ümumi anesteziya) ya tənəffüs, ya da damardaxili dərman vasitəsinin verilməsi yolu ilə aparılır. Sözügedən əməliyyat zamanı hansı növ narkozdan istifadə edildiyini bilmirik. Amma hər iki vəziyyətdə dişdə olan infeksiyanın orqanizmə yayılması fiziki olaraq mümkün deyil.

Bu sözləri AzerTimes-a açıqlamasında stomatoloq Fərid Zeynalov bloger Asya Aslanovanın ağıl dişini çəkdirəndən sonra vəziyyətinin pisləşməsini şərh edərkən deyib.

Həkim bildirib ki, infeksiya bir neçə dəqiqə ərzində yayıla və özünü büruzə verə bilməz:

“Heç bir infeksiya pasiyenti bir neçə dəqiqə ərzində reanimasiyaya yerləşdiriləcək vəziyyətə gətirə bilməz. Diş çəkilməsi əsnasında pasiyentin halının pisləşməsi üçün bir neçə səbəb vardır. Bunlardan ən çox qarşılaşılan hal həddindən çox qanamanın olması, qan təzyiqinin düşməsi və müvəqqəti şüur itirilməsidir”.

F.Zeynalovun sözlərinə görə, ümumi narkoz fəsadları daha təhlükəlidir və nadir hallarda xoşagəlməz nəticələr doğurur:

“İstifadə olunan anestetik və ya sedativ dərman vasitələrinə qarşı anafilaktik allergiya reaksiyası ola bilər. Bu hal nə diş çəkilməsi və narkoz fəsadları, nə səhv tibbi yanaşma, nə də hər hansı bir başqa qüsurdur. Anafilaktik şok həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır fəsadlar törədir, həyati təhlükə yaradır. Belə bir reaksiyanı qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çox nadir olsa da, belə hallar müşahidə olunur. Bu halda həkim buna qarşı cəld və düzgün xilasedici manipulyasiyalar etməli, xüsusi preparatlardan istifadə edərək pasiyenti böhranlı vəziyyətdən çıxarmalıdır”.

Teqlər: