Astarada dəhrə ilə törədilən qətl hadisəsinin ibtidai istintaqı tamamlanıb

Xəbər - Samir Əli – Trend:

08 oktyabr 2021-ci il tarixdə Astara rayonunun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Astara rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, istintaqla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: