Astara sakinləri Ərdəbilə birləşməyi tələb edir – Cəlaloğlu

Astara sakinləri Ərdəbilə birləşməyi tələb edir – Cəlaloğlu

Astara sakinləri kampaniya başladaraq hökumətdən Güney Azərbaycanın bu tarixi şəhərinin yenidən Ərdəbil əyalətinə birləşdirilməsini tələb ediblər. Astara şəhəri və Heyran aşırımı tarixi Azərbaycan əraziləridir. Pəhləvi hökuməti Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək və Azərbaycanı mühasirədə saxlamaq məqsədi ilə Astaranı Şərqi Azərbaycan əyalətindən ayıraraq Gilan bölgəsinə birləşdirib.

Bu sözləri AzerTimes-a güneyli milli fəal Qədir Cəliloğlu azərbaycanlıların başlatdıqları imzatoplama kampaniyası haqqında danışarkən deyib.

O bildirib ki, Pəhləvilərin siyasətinin davamı olaraq İran hökuməti talış və gilək azlıqlarını Astaraya köçürməklə, bu türk şəhərinin demoqrafik tərkibini dəyişməyə çalışır:

“Mərkəzi Rəşt şəhəri olan Gilanda, təxminən, iki milyon beş yüz min əhali yaşayır. Bu əyalətdə türk, gilək, talış, tat, lor kimi müxtəlif etnik qruplar var.

Şimaldan Xəzər dənizi və Azərbaycan Respublikası, qərbdən Ərdəbil, cənubdan Zəncan və Qəzvin, Şərqdən isə Mazandaran vilayəti ilə birləşir. Astara, Lundvil, Çobar, Haveyq və Lisar kimi yerlərdə – bəzi kəndlər istisna olmaqla – əksəriyyət türklərdir. Rudbar, Məncil və Luşan kimi kiçik şəhərlər gilək, türk, lor və kürdlərdən ibarətdir.

Türklər Ənzəli və Rəşt şəhərlərində sənaye, bazar və ticarətin inkişafında mühüm rol oynayırlar. Bazarda çoxlu sayda təsərrüfat işlərini ələ keçirərək, mühüm zavodlar tikərək Gilan vilayətinin iqtisadiyyatının çiçəklənməsinə səbəb olublar. Bəzi farspərəst məmurlar tərəfindən etnik məhdudiyyətlər və ayrı-seçkiliklər, eləcə də pantalaşçılar tərəfindən Gilan vilayətinin (Azərbaycan) türklərinə qarşı antitürk meyillərinə burada rast gəlinir. Gilanın qərbindəki sakinlərin əksəriyyəti giləklilərdir.

Astara Şərqi Azərbaycanın tərkibində idi, Ərdəbil əyalətinin yaranmasından sonra Gilana verildi. Bu, Azərbaycan əyalətinin müxtəlif adlara parçalanaraq kiçildilməsi siyasətidir”.

O bildirib ki, Azərbaycan türkləri bununla bağlı daim mübarizə apararaq, öz torpaqlarını qorumağa məcburdur:

“Bu məsələ bəzən xalqlar arasında münaqişəyə çevrilir. Gilan təmsilçiləri yol nişanları quraşdıraraq türk xalqını sıxışdırıb hegemonluq etməyə çalışırlar. Hətta son hadisədə İranın xəbər aparıcısı Şəhram Fərhadi adlı şəxs Astaranın ilhaqını tələb edən türklərə hücum edib, onların Ərdəbilə aid olduğunu təhqiramiz tonda deyib, Astaranın Ərdəbilə birləşməsinə icazə verməyəcəyi ilə hədələmişdi. Bundan sonra türklər Astaranın ilhaqını tələb edən imzatoplama kampaniyasına başlayıb”.

Onun sözlərinə görə, Azərbaycan türkləri imzatoplama kampaniyasında müsbət bir nəticə gözləməsə də ən azı mübarizə aparırlar:

“Yaxında İranda şəhər şura və parlament seçkiləri keçiriləcək və bu münaqişələr xalqı seçkilərə çəkmək məqsədi ilə həyata keçirilir. Bilirik ki, toplum içində münaqişə və çəkişmə hər zaman İran rejiminin xüsusi qüvələri tərəfindən başladılır. İran rejiminin kirli siyasətinin pərdə arxasında nə yatır? Türklərin topraqları və Azərbaycan adını daşıyan yerlər, kəndlər, çaylar müxtəlif bəhanələr ilə dəyişdirilir və ya əllərindən alınır. Məqsəd odur ki, Azərbaycan türkləri əriyib İran içində yox olsun.

Əsas odur ki, bu, bizim toplumsal hərəkətimizdir və Azərbaycan türklərinin birlikdə hərəkət etmə ruhunu gücləndirir. Ən azından çox sayda imza toplamaqla olaylara təpkimizi ortaya qoymalıyıq. Baxmayaraq ki, İran rejimi imza ilə bizim haqlarımızı verməyəcək, lakin ümidimiz var ki, bir gün Azərbaycan türkləri Bütöv Azərbaycan ərazisində şad və azad yaşayacaqlar”.

Qeyd edək ki, Güney Azərbaycanda #Astaranın_Ərdəbil_əyalayətinə_ilhaqı həştəqi ilə müstəqil imzatoplama kampaniyasına start verilib. Sözügedən kampaniya noyabrın 15-də başlayıb və 19 may 2024-cü il tarixədək davam edəcək.

Teqlər: