Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında Astana bəyannaməsi qəbul edilib.
AzerTimes xəbər verir ki, plenar iclasda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olunub.
Növbəti iki ildə – 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcək. Sonda Astana bəyannaməsi və digər sənədlər qəbul edilib.
Sonra Küveytə AQEM-ə üzv dövlət statusu verilib. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti olub. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda çıxış edib.
Əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib. Zirvə Toplantısında 11 dövlət başçısı – Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Qətər Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti iştirak ediblər