Azərbaycanlı iş adamı, Rusiyanın məşhur Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov 8 sifarişli qətlin həyata keçirilməsində şübhəli bilinir.
Məlumata görə, Telman İsmayılovun adını qətlləri həyata keçirən qruplaşmanın həbs edilən üzvlərindən biri Harri Belotserkovski polisə ifadəsində deyib. Onun İsmayılovun evinə gediş-gəlişi olub.
Harri Belotserkovski ifadə verib ki, 2000 – 2016-cı illər arasında 8 cinayət hadisəsi törədilib ki, bunların hamısında İsmayılov qardaşları iştirak edib.
Onun sözlərinə görə, cinayətin qurbanları İsmayılovların biznes əlaqələrinin olduğu “Koptevsk” cinayət qruplaşmasının üzvləri olub.
Bütün cinayətlər Moskvanın şimal administrativ dairəsindəki obyektlər uğrunda aparılan kriminal müharibə ilə bağlıdır.
Belotserkovski ifadəsində onu da qeyd edib ki, 2000-ci ildə “Praqa” restoranında Telman və Rafiq İsmayılovların danışıqlarının şahidi olub. Həmin vaxt onlar avtoritet Andrey Lobanovun aradan götürülməsinin vacibliyini müzakirə ediblər. Qısa müddət sonra A.Lobanov güllələndi.
Rafiq İsmayılov artıq həbs olunub. O biri qardaşı, uzun müddət Daxili İşlər Nazirliyində çalışmış Vaqif İsmayılov istintaqdan gizlənir, onun barəsində axtarış elan edilib. İttihamların Telman İsmayılovla əlaqəsinin olub-olmadığı araşdırılır. İstisna edilmir ki, onun barəsində də axtarış elan ediləcək.