AŞPA niyə əleyhimizə qətnamə qəbul etdi?

AŞPA niyə əleyhimizə qətnamə qəbul etdi?

Hazırda Azərbaycana Laçın yolu ilə bağlı güclü təzyiqlər var. Çünki “Laçın” postunun qoyulması hadisələrin dinamikasını tamamilə dəyişdirib. Ermənistan və onu dəstəkləyənlər bundan çox narahatdırlar.

Bu sözləri AzerTimes-a dünən AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbulu haqda danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, Ermənistan və dəstəkçilərinin əsl niyyətlərini bu yolla gizlətmək istədiklərini qeyd edib:

“Xatırlatmaq istərdim ki, Laçın Qarabağdan kənarda işğal olunan ilk rayonumuz olub, bundan sonra yol açıldığı üçün digər rayonların da işğalı asanlaşdı. Azərbaycan həmin yolu bağlayıb. Rəsmi İrəvan elə zənn edirdi ki, danışıqların aparılması ilə vaxtı uzadacaq. Ancaq məhz “Laçın” postunun qoyulmasından sonra Paşinyan dövlətimizin Qarabağda suverenliyini tanıdığını açıqladı. Danışıqlar davam edəcək, sülh müqaviləsi də gec-tez imzalanacaq, lakin bütün hallarda Ermənistan və havadarları müxtəlif yollarla ölkəmizə təzyiq göstərməyə davam edir. Öz niyyət və məqsədlərinə beynəlxalq ictimaiyyətin istəyi donunu geyindirmək istəyirlər. AŞPA-da sözügedən qətnamənin qəbulu səbəblərindən biri budur. Təbii ki, təşkilatda Azərbaycanla bağlı boşluqlar var, mövqelərimiz müəyyən dərəcədə zəifdir. AŞPA 25 yanvar 2005-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı “ATƏT-in Minsk Qrupunun məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnaməni də qəbul edib. İndi vəziyyət tamamilə dəyişib, yaranan boşluq təşkilatda ölkəmizə qarşı qüvvələrin formalaşmasına gətirib çıxarıb”.

Fərid Şəfiyev qətnamənin başdan-ayağa qərəzli olduğunu qeyd edib və bunun səbəblərini sadalayıb:

“Dünən qəbul edilən qətnamə tamamilə qərəzlidir. Çünki Azərbaycan Laçında gediş-gəliş üçün hər cür şərait yaradıb, separatçıların başındakılar isə ümumilikdə ermənilərin hərəkətinə imkan vermir. İkincisi, Laçın ölkəmizin suveren ərazisidir və orada biz istədiyimiz postu qura bilərik. 10 noyabr tarixli Üçtərəfli bəyanatın 6-cı maddəsində Azərbaycanın hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyi təsbit olunub. Dövlətimiz Laçın yolundan təyinatı üzrə istifadə edilmədiyinə görə postu qurdu. 15 iyunda isə postdakı hərbçilərimiz Ermənistan əsgərləri tərəfindən atəşə tutuldu, Azərbaycan da haqlı şəkildə postu bağladı.

O ki qaldı beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə göndərilməsinə, mən Azərbaycanın AŞPA-ya bu imkanı tanıyacağına inanmıram”.

Teqlər: