AŞPA-nın qərarı: uduzan və udan kimdir? – Ekspert

AŞPA-nın qərarı: uduzan və udan kimdir? – Ekspert

Ekspert Natiq Cəfərli AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı verdiyi qərar ətrafında yaranan suallara aydınlıq gətirib.

AzerTimes sözügedən suallara N.Cəfərlinin cavablarını təqdim edir:

– Azərbaycan AŞPA-dan qovulubmu, ya da çıxıbmı?

– Yox, Azərbaycan indi də Avropa Şurası və AŞPA-nın üzvüdür, sadəcə, fəaliyyəti dayandırılıb.

– Azərbaycana qarşı Avropa Birliyi sanksiya tətbiq edəcəkmi?

– Avropa Birliyi və Avropa Şurası fərqli qurumlardır, AB dövlətlərin birliyidir, qurumda 27 dövlət təmsil olunur. Qərarlar konsensusla qəbul olunur, yəni AB qurum olaraq qərar verməsi üçün bütün üzv dövlətlər həmin qərarın lehinə səs verməlidirlər. İstənilən ölkə istənilən qərara veto qoya bilər, Azərbaycanlı sıx iqtisadi əməkdaşlığı olan Avropa ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar.

– AŞPA və Avropa Şurası ilə münasibətlərin gərginləşməsi Azərbaycan vətəndaşlarının Avropaya viza almasına təsir edəcəkmi?

– Bunun bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu gün Rusiya və Belarus Avropa Şurasından qovulublar, hər birinə qarşı yüzlərlə sanksiya var, amma hər iki ölkə vətəndaşları viza ala bilirlər.

– Avropa Şurasının qərarı legitim və əsaslıdırmı?

– Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib, 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb. Yəni bir çox ölkənin deputatları bu səsvermədə iştirak etmədilər, münasibətləri pozmaq istəmədilər. Azərbaycanın lehinə səs verən 10 deputatın 9-u qardaş Türkiyəni təmsil edən AKP və MHP deputatları olub. Avropada mənasız solçuların təsirində olan və mövqeyi də özü kimi utancverici olan CHP deputatları müzakirəyə ümumiyyətlə gəlmədilər, iştirak edən HDP-çi bir deputat isə Azərbaycanın əlehinə səs verdi. Yəni qardaş Türkiyənin iqtidar deputatlarına, AKP-MHP təmsilçilərinə təşəkkür düşür.

AŞPA-nin qərarında Laçın “dəhlizi” və Qarabağla bağlı iddialar əsassız, mənasız, beynəlxalq hüquqa zidd və absurddur, rədd edilməlidir. Qurumun nüfuzuna, sözünün kəsərinə xələl gətirən yanaşmadır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, bunu bacaran, Rusiya və SSRİ imperiyalarının basdırdığı “minanı” təmizləyə bilən ilk Avropa Şurası ölkəsi oldu – qurum buna sevinib dəstək verməkdənsə, bu məsələdə Azərbaycanın üzərinə gəlməsi qərəzli və absurddur – bu gün dost Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün vuruşur, AŞPA, Avropa Şurası buna görə Ukraynaya haqlı olaraq tam dəstək verir, eyni hüquqi məsələdə Azərbaycana fərqli yanaşması qəbuledilməzdir, Avropa Şurasının başını aşağı edən yanaşmadır.

Bəs insan haqq və azadlıqları ilə bağlı iradları haqlıdırmı? Məncə, bəli, hökumətin son aylar mənasız, lazımsız yerə sərtləşməsi, siyasi motivli sayılan həbslərin artması ölkəmizin adına layiq deyil, bu durum mütləq aradan qaldırılmalıdır.

– Əgər Qərblə Azərbaycan arasında münasibətlər kəskin pisləşərsə, bundan kim udacaq, kim ziyan görəcək?

– Hələ ki, udan Rusiyadır, uduzan isə Avropa və Azərbaycan. Amma Azərbaycan hökuməti ölkənin iqtisadi durumuna baxıb düşünməlidir – Azərbaycan Rusiya deyil ki, illərlə Qərblə qarşıdurmaya sinə gələ bilsin. Rusiyada Mendeleyev cədvəlində nə varsa mövcuddur, böyük qara iqtisadiyyatı, çirkli pulları, müxtəlif istiqamətlərə çıxışı və nəhayət, nüvə silahı var, onunla başqa cür danışırlar. Azərbaycanın gəlirlərinin 90%-i neft-qazdandır, satdığı istiqamət isə Qərbdir, pullarımız Qərbdədir, münasibətləq alqoritmi Qərblə dizayn edilib. Bundan başqa, Azərbaycana yaxın 15-16 ildə, yəni 2040-ci ilə qədər 100 mlrd. dollar kredit/xarici investisiya lazım olacaq – pul isə Qərbdədir, münasibətlərin kəskinləşməsi iqtisadi vəziyyətimizi ağırlaşdıra bilər.

– Münasibətlər kəskinləşib qırılma nöqtəsinə çata bilərmi?

– Məncə yox, münasibətlər qarşılıqlı güzəştlətlə düzəlməlidir – düzələcək də, bundan başqa, Azərbaycanın strateji və əsl müttəfiqi, bütün məsələlərdə qarşılıqlı qərarlar aldığı ölkə Türkiyədir. Qardaş Türkiyə NATO dövlətidir, bundan başqa, rəsmi Ankara son zamanlar Qərblə münasibətlərini yeni, daha yaxşı müstəviyə çəkməyə çalışır. Yeri gəlmişkən, AŞPA-da Türkiyə məsələsi də qaldırılmalı, bu ölkənin də bir illik fəaliyyəti dondurulmalı idi. AKP iqtidarı doğru-düzgün qərarlar alaraq bu məsələni öncədən həll etdi – İsveçin NATO üzvlüyünə “hə” dedi, ABŞ ilə münasibətləri yaxşılaşdırdı, Mərkəzi Bankın beynəlxalq standartlara uyğun davranmasını və xarici investorlara daha yaxşı şəraitin yaradılmasına qərar verdi, sözdə İsraili “asıb-kəssə” də, əməldə ciddi addım atıb münasibətləri gərginləşdirmədi. Bu yaxşı gedişatdır, məncə, Qərblə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacaq.

Teqlər: