Son 10-15 ildə AŞPA-nın bu cür sanksiyası ilə yalnız Rusiya iki dəfə qarşılaşıb.
Bu sözləri AzerTimes-a açıqlamasında siyasi şərhçi Turab Rzayev AŞPA-nın Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi və etimadnaməsini təsdiqləməməsi ilə bağlı qərarını şərh edərkən deyib.
O bildirib ki, ilk dəfə 2014-cü ildə Rusiya Krımı işğal edərkən AŞPA Rusiyaya sanksiya tətbiq etməyə çalışmışdı:
“Təsəvvür edin ki, Rusiya Krımı faktiki olaraq işğal etsə də, AŞPA yalnız Rusiya nümayəndə heyətinin səsvermə hüququnu dondurdu, ancaq etimadnamənin təsdiqi ilə bağlı heç bir problem yaratmadı. Yəni işğalçı olduğunu təsdiqlədiyi ölkəyə qarşı belə etimadnaməsinin mübahisələndirilməsinə cəsarət etmədilər. Moskva isə cavabında öz deputatlarının mandatı üçün müraciət etmədi və AŞPA-da Rusiyanın yerləri boş qaldı. Rusiya yalnız 2019-cu ildə 8 saatlıq görüşdən sonra Rusiyanın səsvermə hüququ bərpa olundu, Moskva da bir neçə saat ərzində öz nümayəndə heyətini təsdiq etdi.
2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra Rusiya təşkilatdan çıxarıldı.
Yəni Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən sanksiyanın analoqu yoxdur. Halbuki Rusiyanın 2014-cü il Krımı işğalından fərqli olaraq, Azərbaycan BMT və Avropa institutlarının rəsmən tanıdığı ərazilərini bərpa edib, daxildəki münaqişəni həll edib. Bu, görünməmiş bir şeydir ki, AŞPA Azərbaycanı öz torpaqlarını işğaldan azad etdiyi üçün “cəzalandırır”. Tam və birmənalı şəkildə deyirəm ki, bu, ikiüzlülük, qərəz, beynəlxalq hüququ ayaq altına almaqdır. Lakin heç nəyə nail olmayacaqlar və belə davam etsələr, Azərbaycanı itirəcəklər”.
Qeyd edək ki, AŞPA Azərbaycanın təşkilatdakı “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək ölkəmizin nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib və ölkəmizə bir il vaxt verib.
Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, qurumda iştirakını qeyri-müəyyən vaxta qədər dondurub.