Cərəyan edən geosiyasi mübarizə kontekstində Qərb İrəvanın güc strukturlarında öz əlaltılarının olmasını təmin etməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Paşinyan əməlləri sayəsində ərazimizə də sirayət edən geosiyasi toqquşma o həddə çatıb ki, hüquq-mühafizə orqanları və onların rəhbərləri parçalanır. Məsələn, Milli Təhlükəsizlik Xidməti ənənəvi olaraq daha çox Moskvaya yönəlmiş struktur kimi görünürdü. Geosiyasi mübarizə kontekstində Qərb Ermənistanda “proksi” strukturlar yaratmaqla öz təsirini təmin etməyə cəhd edir. Patrul xidmətinin yaradılması məhz belə bir layihədir. Bununla Qərb Daxili İşlər Nazirliyində “öz mövqeyini” alıb”, – o bildirib.
Aşotyan qeyd edib ki, Qərbin diktəsi ilə Ermənistanda institusional sistemin idarə olunmasında “ermənilərin varlığı” təmin ediləcək:
“Birbaşa Baş nazirin nəzarətində olan Xarici Kəşfiyyat Xidməti yaradıldı. Əvvəllər onların işini Milli Təhlükəsizlik Xidməti icra edirdi. Xarici Kəşfiyyat Xidmətinin rəisliyinə namizədlərin adı, həmçinin müraciət edənlərin adlarının hansı xarici qüvvələrlə bağlı olduğunu nəzərə alsaq, bunun növbəti psevdoislahat olduğu aydın görünür. Bütün bunlar Paşinyanın tərəddüd etdiyi hallarda “komanda” üzvlərinin ona geosiyasi məsələlərdə “düzgün oriyentasiyaya” kömək etməsi üçündür. Ermənistanın idarəçilik sistemində artıq Qərbin belə etibarlı şəxsləri var. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qərbin himayəsindədir. Nikolun komandasında belə müdafiəçilər çoxdur. Bu sxem yeni deyil, analoji sxemdən vaxtilə həm Ukraynada, həm də Gürcüstanda istifadə olunub”.