Asiya Parlament Assambleyasının iclası başladı

Asiya Parlament Assambleyasının iclası başladı

Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb.

AzerTimes xəbər verir ki, Türkiyənin dövlət himninin səsləndirilməsi ilə rəsmi açılışı keçirilən sessiya “Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi” mövzusunda təşkil olunub.

Asiya Parlament Assambleyasına üzv olan 27 ölkədən parlament nümayəndə heyətlərinin təmsilçiləri sessiyanın gündəliyinə daxil olan məsələlərlə bağlı mövqelərini bildirəcək, mövzu ətrafında fikir və mülahizələrini bölüşəcəklər.

Açılışda Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidinin, Türkiyə Böyük Millət Məclisinin və Assambleyanın fəaliyyətdə olan sədri Mustafa Şəntopun, o cümlədən üzv ölkələri təmsil edən parlament sədrlərinin çıxışları dinlənilib.

Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Yanvarın 8-də olduğu kimi 9-da və 10-da da azərbaycanlı deputatların Asiya Parlament Assambleyasının alt qurumlarının iclaslarında çıxış edəcəkləri nəzərdə tutulub.

Teqlər: