Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üzən günəş elektrik
stansiyasının hazırlanması layihəsinin miqyasını genişləndirə
bilər.
Bunu Trend-ə
özəl müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Kendis Makdeyqan deyib.
“AİB hazırda “Üzən günəş elektrik stansiyasının hazırlanması”
layihəsini reallaşdırır. Bu çərçivədə bəzi yüksək texnologiyaların
pilot sınaqları keçiriləcək ki, bu da ölkələrə öz bilik və
potensialında böyük sıçrayış etməyə və özəl sektorların yerüstü və
üzən günəş batareyalarının inkişafı prosesində iştirakına hazırlığı
yüksəltməyə imkan verəcək. Layihənin yekunlarına əsasən, AİB həm də
Azərbaycanda üzən günəş elektrik stansiyasının hazırlanması
layihəsinin miqyasını genişləndirə bilər”, – deyə K.Makdeyqan
bildirib.
Onun sözlərinə görə, AİB azkarbonlu və bərpa olunan enerji
mənbələrinin daha geniş istifadəsi, enerji təhlükəsizliyinin və
iqlim dəyişikliklərinə dayanıqlılığın artırılması üçün
infrastrukturun bərpası hesabına daha yoxsul və həssas ölkələrdə
əsas enerji mənbələrinə çıxış imkanlarına prioritet diqqət
ayırır.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB-in
ölkədəki əməliyyatları özəl sektorun inkişafının
stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması,
infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının
möhkəmləndirilməsinə yönəlib.
(Tərcümə: Orxan Nəbiyev)