Fransanın “Qair Group” şirkəti Azərbaycanda, eləcə də azad
edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirak
etməkdə maraqlıdır.
Bunu Trend-ə
müsahibəsində şirkətin baş əməliyyat direktoru Şarl Lermitt
deyib.
O, xüsusən, sahilyanı külək elektrik stansiyaları və
fotoelektrik stansiyalarını qeyd edib.
“Biz iki il əvvəl Azərbaycanda layihə üzrə tenderdə iştirak
etmişik. Azərbaycanın bərpa olunan enerjinin inkişafında nəhəng
potensialını nəzərə alaraq biz burada işləməkdə maraqlıyıq.
Azərbaycan bu cür layihələr üçün dünyada ən yaxşı yerlərdən
biridir”, – Ş.Lermitt deyib.
O qeyd edib ki, dünyada neft və qaz qiymətləri artmaqda olduğuna
görə, Azərbaycan üçün bərpa olunan enerji mənbələrindən daha çox
elektrik enerjisi istehsal etmək və eyni zamanda qazıntı yanacaq
növlərini əlverişli qiymətə ixrac etmək yaxşı qərar ola bilər.
“Bakının küləklər şəhəri olduğunu nəzərə alsaq, şəhər aşağı
qiymətlə iri elektrik enerjisi istehsalı məkanına çevrilə bilər”, –
deyə o bildirib.
Ş.Lermittin sözlərinə görə, “Qair Group” Azərbaycan Energetika
Nazirliyinin ərazilərində bərpa olunan enerji sahəsində layihələr
üzrə hərraclarında iştirak etməyi planlaşdırır.
“Bu məsələ Bakıda Energetika Nazirliyində keçirilmiş görüşdə
müzakirə olunub. Biz bu hərracda iştirakımız məsələsini müzakirə
etdik və azad edilmiş ərazilərdə layihələrdə iştirak etmək
marağımızı bildirdik”, – Ş.Lermitt əlavə edib.
Rusiyaya tətbiq olunan sanksiyaları şərh edən Ş.Lermitt qeyd
edib ki, bu cür vəziyyət bərpa olunan enerji mənbələri bazarına
təsir edir.
“Bunun nəticəsində yaranmış böhran neft-qaz ehtiyatlarının
bahalaşmasına gətirib çıxarıb və bütün bunların fonunda daha çox
ölkə alternative enerji mənbələrinə müraciət edir. 1973-cü il
enerji böhranında olduğu kimi, bu qəribə vəziyyət də bərpa olunan
enerji üçün yeni imkanlar açacaq. Məqsəd əhalini ucuz elektriklə
təmin etməkdir və neft-qaz qiymətləri yüksək olduqda, digər həll
yolu tapmaq lazım olur”, – o deyib.
Ş.Lermitt əlavə edib ki, Avropadakı enerji böhranı alternativ
enerji layihələrinə tələbin artmasına yol açıb.
Qeyd edək ki, Fransanın “Qair Group” şirkəti yalnız bərpa olunan
enerji mənbələrindən 650 meqavatt səviyyəsində generasiya gücündən
istifadə edən müstəqil elektrik enerjisi istehsalçısıdır. Hazırda
şirkət 18 ölkədə layihələrlə məşğuldur.
(Tərcümə: Orxan Nəbiyev)