ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın
İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər
üçün təlim keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında
(ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını
təmsil edən jurnalist iştirak edib.

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman
Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik
barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist
materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə
bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər
barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media
institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu
bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə
təşkil olunacaq.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova
bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının
artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə,
dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının
gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır.
Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil
olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu
baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə
edib


Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr
üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının
müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik
haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan
məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa,
təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik
fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə
təqdimatlarla çıxış ediblər.

İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri
dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından
sertifikat təqdim olunub.

Teqlər: