“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

Xəbər - Samir Əli – Trend:

20 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirilib.

AzerTimes xəbər verir ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2021-ci ildə də davam etdirilib.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Sonda tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

Teqlər: