“AS Group Investment” Vətən Müharibəsi qazisi Amin Musayevə mənzil hədiyyə etdi (FOTO)

Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda
canından keçib şəhid olan igidlərimizin ailələrinə, sağlamlıqlarını
bu yolda itirən qazilərə dövlət dəstəyi ilə yanaşı özəl sektor da
öz qayğısını əsirgəmir.Həm 44 günlük Vətən müharibəsi zamanı
ordumuza dəstək olan, həm müharibədən sonra şəhid və qazilərin
ailələrinə vaxtaşırı olaraq dəstək göstərən şirkətlərdən biri “AS
Group Investment” Novruz bayramı ərəfəsində daha belə bir təşəbbüs
həyata keçirib.

Belə ki, “AS Group Investment” şirkətlər qrupu 44 günlük Vətən
Müharibəsində igidlik göstərən, müharibənin bitməsinə bir gün
qalmış Şuşa ətrafında əsir düşən və bu zaman düşmənə verdiyi
cavabla məşhurlaşan qazi Amin Musayevə Novruz bayramı ərəfəsində
mənzil hədiyyə edib. Ötən gün martın 18-də şirkət əməkdaşları Amin
Musayev və onun anası Hicran xanıma mənzilin sənədlərini və
açarlarını təqdim ediblər. “AS Group Investment” şirkətinin qazi
Amin Musayevə hədiyyə etdiyi mənzil şirkətlər birliyinə daxil olan
“AS Tikinti” MMC tərəfindən inşa edilən Göl-Park Yaşayış
Kompleksində yerləşir.

Müharibədə aldığı yara səbəbindən uzun müddətli reabilitasiya
kursu keçməli olan Amin Bakıda kirayə mənzildə qalırdı. “AS Group
Investment” qaziyə dəstək olaraq yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə ona tam təmirli mənzil hədiyyə
edib.

İgid qazimizin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasına
yönəlmiş bu təşəbbüsdə daha bir şirkət iştirak edib. “ALFA –R
Engineering” MMC şirkəti mənzili mebel və bütün zəruri məişət
əşyaları ilə təmin edib.

Qeyd edək ki, “ALFA –R Engineering” 2003-cü ildən Azərbaycan
bazarında fəaliyyət göstərir. Şirkət mövcud olan bütün iqlim,
isitmə, su təhcizat, yanğın siqnalizasiyası sistemlərinin
quraşdırılması, layihələndirilməsi və servis xidmətilə
məşğuldur.

Vətən Müharibəsi başladığı gündən döyüşlərə qatılan Amin Musayev
8 noyabr 2020-ci ildə Xankəndi yaxınlığında ağır yaralanıb və
yaralı halda düşmən tərəfindən əsir alınıb. O, düşmənə əsir
düşərkən Azərbaycan əsgərinə layiq cəsarəti ilə hər kəsin
sevimlisinə çevrildi. Belə ki, düşmən əsgərləri yaralı Amini Şuşa
ətrafında aşkar edib əsir alanda onu söymüşdülər, amma Amin onların
söyüşünü necə lazımsa özlərinə qaytarmışdı və rusiyalı hərbi müxbir
tərəfindən çəkilmiş bu kadrlar həmin vaxtlar sosial şəbəkələrdə
yayılmışdı. Amin Ali Baş Komandan İlham Əliyevin göstərdiyi səylər
sayəsində həmin il dekabrın 12-də əsirlikdən azad olunaraq Vətənə
qaytarılmışdı.

Qeyd edək ki, özünün vətənpərvərliyi və Korporativ Sosial
Məsuliyyəti ilə seçilən “AS Group Investment” şirkəti 2021-ci ilin
mart ayında Mingəçevirdə şəhid çavuş Niyazi İsgəndərovun ailəsinə
həmin şəhərdə inşa etdiyi “Park Residence” Yaşayış binasından, elə
həmin ilin sentyabr ayında isə şəhid Mehman Qənbərovun ailəsinə
“Park-Göl” Yaşayış Kompleksindən 3 otaqlı mənzil hədiyyə edib.
Şirkət Vətən Müharibəsi başlayandan etibarən ordumuza bütün mümkün
dəstəyi göstərib, Silahlı Qüvvələrə Yardım Fonduna, daha sonra
“Yaşat” fonduna ianələr ayırmaqla özünün xalqımız, dövlətçiliyimiz
qarşısındakı məsuliyyət hissini nümayiş etdirib.

Teqlər: