Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyasında erməni təxribatının qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov öz sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci sessiyası başa çatıb.
“Strasburqda qurumda milli nümayəndə heyətimizin tam tərkibdə iştirak etdiyi sessiya məncə səmərəli oldu. Sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq, son anda sessiyanın gündəliyinə salınmış “Qarabağ və ətraf şəhərlər, eləcə də regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və bir neçə bu tip müddəalar sənəddən təmizləndi.
AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatın adında “Dağlıq Qarabağ” ifadəsinin saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışırdılar. Düzdür, bəyanat tam bizi qane etmir, mövqeyimiz odur ki, ümumiyyətlə, bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır. Amma nəticə budur. Milli nümayəndə heyətimizin təkidi ilə sessiya zamanı qəbul olunan “Emənistanın paytaxtı, İrəvan şəhərinidə keçirilmiş yerli seçkilərdə hesabatı”ndan məsələyə dəxli olmayan müddəlar (“Dağlıq Qarabağ”, “Ruben Vardanyan – Dağlıq Qarabağın keçmiş dövlət naziri” və s.) və digər ifadələrdən təmizləndi. Müzakirələr göstərdi ki, Avropanın yerli və regional elitası da artıq yeni reallıqları qəbul edib. Başqa cür ola da bilməz, Prezident, Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqları görməzlikdən gəlmək artıq alınmayacaq”.