Goranboy rayonunda baş verən qətl hadisəsinin təfərrüatları
məlum olub.
AzerTimes-ın əldə etdiyi məlumata görə, hadisə uşaq üstə baş
verib.
Belə ki, əslən Yevlax rayonundan olan 1977-ci il təvəllüdlü
Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan
ayrılsa da, rəsmi boşanmayıb. Cütlüyün birgə nikahdan iki oğlu, bir
qızı var. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy
rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı
qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək
uşaqları ilə görüşüb.
Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar
uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz
edib və uşaqların atası ilə getməsini istəməyib.
Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını
həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib.
Martın 24-də M. Süleymanov yenidən kəndə gəlib uşaqlarını
istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün
günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının
evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan
uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və
aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq
qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi “Land Rover”
markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O
Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub.
Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da,
M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla
qadına bir neçə zərbə endirərək qətlə yetirib.
Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində
sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mahirin
Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət
cərgəsi var.
Xatırladaq ki, hadisə martın 24-də Goranboy rayonunun
Dəliməmmədli kəndində baş verib. Goranboy Rayon Prokurorluğundan
AzerTimes-a verilən məlumata görə, martın 24-də saat 14 radələrində
1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının
öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin
iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri
cinayət-prosessual hərəkətlər icra edilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il
təvəllüdlü Mehman Süleymanov idarə etdiyi «Land Rover Discovery»
markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli
şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti
ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub,
daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə
kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan
götürülüb.