Arutyunyan qaçmaq istədi, qoymadılar – Məxfi iclas

Arutyunyan qaçmaq istədi, qoymadılar – Məxfi iclas

Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni mediası Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı dəstənin başçısı Araik Arutyunyanın “istefa” verəcəyini yazır.

AzerTimes xəbər verir ki, “Hraparak” Arutyunyanın yaxın adamlarına istinadla bu “istefanın” yaxınlarda olmayacağını bildirib. Amma bu o demək deyil ki, ümumiyyətlə olmayacaq.

Nəşr öz mənbəsinə istinadla yazıb ki, həftənin əvvəlində Araik Arutyunyan “siyasi elita” ilə – “parlament fraksiyalarının” başçıları, separatçılara başçılıq etmiş Bako Saakyan və Arkadi Qukasyan, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb və dörd saatdan çox müzakirə aparıb. İclasda digər separatçılar – David İşxanyan, Artur Moseyan, Aşot Qulyan, Artur Tovmasyan da iştirak edib.

Araik görüşə yalnız Samvel Babayanı çağırmayıb, çünki onun mövqeyi ilə razılaşmır. Xatırladaq ki, Babayan Azərbaycana inteqrasiyanın və birbaşa danışıqların tərəfdarıdır. O hesab edir ki, birbaşa danışıqlarla erməni icması üçün hansısa “status” almaq olar.

Sayt iddia edib ki, Araik “istefa” verməkdə israrlı olub, bu addımından qabaq isə “hesabat vermək” üçün “siyasi elita”nı toplayıb.

“Arutyunyan qonaqlarına bildirib ki, həftənin sonuna kimi “istefa” vermək qərarına gəlib, çünki artıq heç nə edə bilmir. O xahiş edib ki, onun qərarına anlayışla yanaşsınlar, onu bəzi arqumentlərlə inandırmağa çalışmasınlar, çünki o, artıq belə aciz mövqe tuta, müxtəlif tərəfdən tüpürcək yeyə bilməz. Ən əsası isə Arutyunyan əmin edib ki, o, qərarı Ermənistan hakimiyyəti ilə də müzakirə edib – heç bir problem yoxdur və o, Qarabağda sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb.

Arutyunyan bildirib ki, qanuna əsasən, onun funksiyaları David İşxanyana keçəcək (qondarma “parlament”in sədri – red.)”, – məlumatda vurğulanır.

Qeyd edilir ki, bu qərar iclasda iştirak edənlər üçün “soyuq duş” təsiri bağışlayıb və onlar Araiki fikrindən döndərməyə çalışıblar:

“Xüsusilə Bako Saakyan Arutyunyanı danlayıb ki, sən getməyə hazırlaşırdınsa, indi yox, müharibədən əvvəl getməli idin, Qarabağda son dərəcə gərgin vəziyyət olanda və indiki məqamda istefa problemlərdən qaçmaq deməkdir. David İşxanyan da etiraz edib ki, belə bir vəziyyətdə kim dedi ki, o, “dövlət başçısının funksiyaları”nı öz üzərinə götürmək istəyir? Ruben Vardanyan və başqaları Araik Arutyunyana izah ediblər ki, onun “istefası” təkcə Qarabağ üçün deyil, həm də özü üçün ciddi təhlükəsizlik problemləri yarada bilər, çünki bir qərarla “120 min insanın” (Qarabağda 120 min erməni yaşamır, bu, şişirdilmiş rəqəmdir – red.) taleyi dəyişə bilər. Bir neçə saatlıq müzakirədən sonra Araik Arutyunyan öz qərarından geri çəkilməyə razılaşdırılıb”.

Nəşrin mənbələri həmçinin bildirib ki, Saakyan və Qukasyan iclasdan sonra da Araiklə müzakirəni davam etdirib. Onlar bildiriblər ki, nə vaxtsa “istefa” versə, bunun “qanunvericiliklə” yolunu tapmalıdırlar.

Teqlər: