Prezident İlham Əliyev bugünkü çıxışında İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birincisi, İranın bundan əvvəlki 3 prezidenti ilə normal işlədiyini və heç zaman münasibətlərin indiki kimi gərginləşmədiyini deyən İlham Əliyev Tehranın hədələrinə adekvat (məsələn, sərhəddə hərbi təlimlərə hərbi təlimlərlə) cavab verəcəyini bildirdi. Bununla İlham Əliyev İranın hazırki prezidenti İbrahim Rəisinin siyasətindən narazı qaldığını və onun normal münasibətlərin üstündən xətt çəkdiyini anlatdı.
İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” deyən İlham Əliyev Tehranla münasibətlərin gələcək istiqamətini göstərdi. Yəni Tehranın Azərbaycanla münasibətlərinin normallaşdırması az olacaq, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin edilməlidir. Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil. İndiki Tehran rejimisi isə bunların heç birini etməyəcək”, – politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İran və Güney azərbaycanlar barədə son açıqlamalarına böyük ehtimalla Tehran İran XİN-in mətbuat katibi, parlamentinin bir neçə deputatı və “Səhər” kanalı vasitəsilə “cavab” verəcək:
“Ancaq İrandakı siyasi, dini və hərbi dairələr və onların nəzarətindəki media onu da anlayırlar ki, Azərbaycana və azərbaycanlılara qarşı etdiklərinin və edəcəklərinin adekvat cavabını alacaqlar. “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir. Növbəti gərgin mərhələyə qədəm qoyuruq”.