Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq

Xəbər - Elçin Mehdiyev – Trend:

Hər il 8 may tarixində qaysaq bağlamış yaramız bir daha qanayır, bu tarixi böyük ürək ağrısı ilə qeyd edirdik. Çünki Şuşanın Azrbaycan xalqı üçün siyasi, tarixi əhəmiyyətindən başqa mənəvi əhəmiyyəti də böyükdür.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Şuşada mənfur düşmən riyakarcasına yallı gedərkən Şuşasız qalan Azərbaycan qoynu balasız qalmış anaya bənzəyirdi: “Bizim qəhrəman oğullarımız, xəmiri Ümumilli lider Heydər Əliyev ideyaları ilə yoğrulan, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil Şuşanı, torpaqlarımızı azad etdi.

O oğullar Şuşanı müasir silah-sursatlarla deyil, ən bəsit döyüş vasitələrilə, əlbəyaxa döyüşlə azad etdilər. Çünki Şuşanın işğaldan azad edilməsi milli qürur, qeyrət məsələsi idi. Şuşanın işğaldan azad olunması ilə illərlə azərbaycanlılara qarşı soyqırımı törədən canilərdən qisas alındı. Biz öz qələbəmizlə məsum balalarımızı gözlərini qırpmadan öldürən, əli azərbaycanlı, türk qanına batmış bütün hər kəsin cavabını haqq savaşımızda haqlı olaraq verdik.

Cənab Prezident İlham Əliyev: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dedi və hər zamankı kimi verdiyi sözünə sadiq qaldı”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan xalqı və dövləti şəhidlərinin ruhunu yüksək tutaraq, post-müharibə dövrünə fokuslanıb və Şuşada quruculuq işləri sürətlə həyata keçirilir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan işlərin nəticəsi olaraq Şuşa nəinki Azərbaycanın, Qafqazın və dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı da keçiriləcək.

Beləliklə, biz öz dədə-baba yurdumuzu qurmağa çoxdan başlamışıq. Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İndi artıq biz 8 may ağrısı ilə deyil, 8 noyabr sevinci ilə yaşayırıq”.

Teqlər: