Arif Hacılı və İqbal Ağazadə namizəd olacaq? – Açıqlama

Arif Hacılı və İqbal Ağazadə namizəd olacaq? – Açıqlama

Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün siyasi partiyalarda artıq müzakirələr başlayıb.

Müsavat Partiyasının sədri Arif Hacılı AzerTimes-a bildirib ki, növbədənkənar prezident seçkilərində iştirak etməklə bağlı məsələ partiyanın toplantısında müzakirə olunub.

“Təbii ki, hər bir siyasətçi və siyasi təşkilat seçkilərdə iştirak etməkdə maraqlıdır. Sadəcə olaraq demokratik seçki mühitinin, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmaması, Seçki Məcəlləsində olan problemlər və digər bu tipli məsələlər bizim növbədənkənar prezident seçkilərində iştrakımızla bağlı tərəddüd yaradır. Biz hələlik ümumi vəziyyəti öyrənib, partiya strukturlarında müzakirələr aparırıq. Artıq partiyanın bir neçə toplantısı keçirilib və bu toplantılarda seçkilərdə iştrakımızla bağlı yekun qərar verilməyib. Yaxın vaxtlarda seçkilərdə iştirak edib-etməməyimizlə bağlı qərarımızı açıqlayacağıq”, – A.Hacılı qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də prezident seçkilərində iştirak etməklə bağlı partiyanın bir neçə dəfə toplantı keçirdiyini, ancaq yekun qərar qəbul edə bilmədiklərini vurğulayıb:

“Bizim əsas məqsədimiz növbədənkənar prezident seçkilərində iştirak etməkdir. Seçkilərdə hansı formada iştirak edəcəyimiz isə İdarə Heyətinin qərarından asılı olacaq. İdarə Heyətinin iclasını keçirdik, lakin prezident seçkilərində iştirak etməklə bağlı qərar qəbul edə bilmədik. Çünki İdarə Heyətində müxtəlif fikirlər var. Buna görə də İdarə Heyəti partiyanın rayon təşkilatları ilə məsləhətləşmək üçün vaxt istədi. Gələn həftənin axırına qədər İH-ə məsləhətləşmələr aparmaq üçün vaxt verilib”.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəklər:

“Seçkilərdə iştirak etməmək kimi fikrimiz yoxdur. Biz istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəyik. Lakin hansı formada və necə iştirak etməyimizlə bağlı qərar İdarə Heyətinin toplantısında veriləcək. Biz seçkilərdə vətəndaş aktivliyində və vətəndaşların öz səsvermə hüququndan istifadə etməsində maraqlıyıq”.

Teqlər: