ARDNŞ ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişi qəbul edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun
bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (ARDNŞ) ilə “GL International LTD” MMC arasında Risk
Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə
icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sənəddə qeyd edilir ki, 2021-ci il dekabrın 14-də Azərbaycan
Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının
daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) ilə “GL International
LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin
4-cü bəndinə əsasən qərara alır:

– Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft
yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL
International LTD” MMC arasında Risk Xidmət Sazişi (bundan sonra –
“Saziş”) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə
verilsin.

– Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Sazişdə
iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin
təminatı və öhdəlikləri (bundan sonra – “Hökumət təminatı”) qəbul
edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

– Sazişin əsas mətninə edilmiş on bir (11) Əlavə (bundan sonra –
“Əlavələr”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə
verilsin.

– Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və
Əlavələr Qanun olurlar. Sazişdə konkret olaraq başqa hallar
göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin
qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və
Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının
hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının,
fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların
hissələrinin) müddəalarından üstün tutulur.

– Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan
kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış
hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən
bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə
mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin
şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində
Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz
əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

– Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq
varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi
hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan
dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

– Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi
üçün Podratçıya bütün lazımi lisenziyalar, icazələr, vizalar, başqa
səlahiyyətlər və sanksiyalar verilir.

– Sazişin şərtlərinə uyğun olaraq, Sazişə və ya Əlavələrə hər
hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin
Tərəflərinin qarşılıqlı yazılı razılığı ilə edilir.

Teqlər: