“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bundan başqa, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

“Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir”, – məlumatda deyilir.


Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 4 oktaybr fərmanı ilə yaradılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Teqlər: