Araz qırağına tökülüb, sərhədi sökürdülər…

Araz qırağına tökülüb, sərhədi sökürdülər…

Məktəbdə oxuyurdum. Kəndimiz Araz qırağına yaxın olduğu üçün Arazın o tayındakı kəndlər görünürdü. Bir gün atam buğda zəmisini suvarmağa gedəndə mən də ona qoşuldum. Ətrafda görünən kəndlərin adlarını atamdan soruşub öyrənirdim. Bir az uzaqda təpədə görünən kəndi soruşanda, dedi ki, o kəndin adı Qarabağlardır, aşağıdakı kəndin adı isə Şahtaxtıdır. Onlar o tayda rusların əlində qalıb, oraya getmək olmaz. Araz boyu sərhəddir, rus əsgərləri güllələyər. Atamın bu sözləri mənə çox qeyri-adi gəlirdi. Necə yəni? Məgər babam demirdi ki, ora bizim dədə-baba yurdumuzdur?

O tayda görünən daha bir kənd və ona yaxın bir dağ vardı, onu da soruşdum. Dedi: “O dağa biz “Haçadağ” deyirik. Amma yaxşısını bilmək istəyirsənsə, babandan soruş. Baban otaylıdır. Bütün o yerləri əlinin içi kimi tanıyır”.

Ana babamı nəzərdə tuturdu. Ana tərəfim Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Arazın cənubuna keçməyə məcbur olub. Əsilləri Vedidəndir. Hətta babam İzzətulla bəyin nişanı da indiki Şərur rayonunda olubmuş.

Məktəbə getdiyim vaxtlar həmişə məni bir sual düşündürürdü ki, bəs biz niyə öz dilimizdə yox, çox da yaxşı başa düşmədiyimiz fars dilində oxuyuruq? Beşinci sinifdə oxuyanda bir gün müəllimə dərsi cavab verməkdə çətinlik çəkirdim. Müəllimin tənəsindən canımı qutarım deyə, dedim, müəllimə mən dərsi bilirəm, olar öz dilimizdə deyim? Dedi, de görüm! Cavabım müəllimi qane etsə də, dedi ki, bilirsən, amma bundan sonra fars dilində cavab verməlisən, bunun başqa yolu yoxdur.

Mənə məktəbdən çox babamın söhbətləri maraqlı gəlirdi. Məktəbdə öyrəndiklərimi babamın dedikləri ilə təsdiqləməyə çalışırdım. Bəzən babamın verdiyi bilgilərlə məktəbdə öyrəndiklərim üst-üstə düşmürdü. Düşünürdüm ki, babam həm savadsız, həm də yaşlı adamdır, yəqin ona görə də məlumatlarının bir çoxu belə qeyri-dəqiq olur… Bəlkə də məni uşaq hesab edib, yola verir.

Ancaq babamın söhbətlərindən anlamışdım ki, Arazın o tayında gördüyüm yerlər bizim yurd-yuvamız, insanları da doğma el-obamızdır.

Səkkizinci sinifdə oxuyurdum. Böyük qardaşım əlində bir kitab gətirmişdi. Kitabın üz qabığına baxdım – “Heydərbabaya salam”. Qardaşım dedi ki, kitab türkcədir, oxuya bilsən, oxu. Kitab Şəhriyarın türkcə şeirləri idi. Öz dilimizdə oxumaq çətin olsa da, bir təhər hecalaya-hecalaya oxuyurdum. Demək olar ki, bir müddət sonra artıq “Heydərbabaya salam” əsərini başdan-ayağa əzbərləmişdim. Mənə ən çox təsir edən aşağıdakı bu misrası olmuşdu. Bu misrada sanki babamın həsrəti nəzmə çəkilmişdi:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim, ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Bir gün sinif yoldaşlarımla sözləşib, Araz qırağına getdik. O tayda görünən ən yaxın kənd olan Şahtaxtının lap iki addımlığına. Ancaq Araz qırağında nə bir insan, nə də bir səs-səmir var idi. Çağırsaq da, səsimizə səs verən olmadı. Gözə dəyən ancaq Arazın o tayında gedən qatarlar idi. Bizə qalan isə o qatarlara gözdən itincə maraqla baxmaq oldu.

Yuxarı siniflərdə oxuduğumuz vaxtlar idi. Özümə yaxın bildiyim bir sinif yoldaşımla hərdən oxuduğumuz dərsləri müzakirə edirdik; hərdən də babamın O tay haqqında dediklərindən, o cümlədən, erməni-müsəlman davası, Vedibasar mahalında başına gələn əhvalatlardan danışıb, xəyallar qururduq.

Bugünkü kimi yadımdadır, sinif yoldaşıma deyirdim: “Şimali Azərbaycanın Sovet hökumətindən ayrılıb müstəqil bir dövlət olması mümkün görünmür. Bəlkə də Sovetlər Birliyinin içərisində qalıb, əriyib ruslaşıb, yox olacaqlar. O boyda Sovet hökumətindən yaxa qurtarmaq üçün ancaq möcüzə baş verməlidir. Amma İran hökuməti gec-tez bir gün dağılacaq. “Su gələn arxa birdə gələr” məsəli. Türklər yenə də hakimiyyətin başına keçib, ədaləti bərqərar edərlər. O da olmasa, fürsət düşən kimi Azərbaycanın ayrılıb müstəqil bir ölkə olması labüddür. Belə olduqdan sonra isə biz o möcüzənin baş verməsini gözləyəcəyik.

Dediklərim özümə xəyal kimi görünsə də, ürəyimin dərinliyində bu hadisələrin reallığa çevriləcəyinə inanardım. Hətta bizim nəsil bu reallığı görməsə belə!

Nəhayət, məktəbi bitirib, universitetə daxil olmaq üçün imtahan verdikdən sonra əsgərliyə yola düşdüm. O ümidlə ki, inşallah, lazımı qiyməti alıb, əsgərliyi yarıda saxlayıb universitetdə təhsili davam etdirmək üçün geri dönəcəm. İki ay sonra imtahan nəticələrinə görə adım universitetə qəbul alanların siyahısında olsa da, müxtəlif bəhanələrlə universitetə daxil olmağıma imkan verilmədi. Beləliklə də əsgərliyə davam etməli oldum.

*
İran-İraq müharibəsinin şiddətli vaxtları idi. Xidmətdə olduğum hərbi hissə yeni əməliyyatlarda iştirak etmək üçün İranın cənub-qərbində yerləşən Xuzistan bölgəsinə göndərilməli oldu. Bir günün içində hazırlaşıb, Marağa şəhərinin qatar stansiyasına yola düşdük. Qar çox yağdığından bizi aparacaq qatarın hərəkət saatında gecikmə yaranmışdı. Bu fürsətdən istifadə edib, Marağa şəhərini gəzməyə çıxdıq. Mərkəzi meydanlardan birinə çatanda çoxlu adamın toplandığını görüb, yaxınlaşdıq. Demə ki, məhkəmənin hökmü əsasında bir nəfərə şallaq vururlarmış.

Marağadan gedəcəyimiz yerə qatarla iki günlük yoldur. Yol boyu şallaq vurulan adamın incik sifəti yadımdan çıxmırdı. Ancaq sona yaxın yol məni yorub, yuxu aparmışdı, bir an eşitdim ki çatmışıq, təcili yenmək lazımdır. Vaqonun pəncərəsindən baxanda gördüm, hava günəşli, hər yer yam-yaşıldır. Qardan, soyuqdan əsər yoxdur. İlk dəfə idi ki, iqlimin bu qədər dəyişdiyini görürdüm.

Müharibə dövründə nələrin baş verdiyi sonraya qalsın. Mən bir müddət sonra əməliyyatda yaralandım. Bir neçə gün müalicədən sonra doğma kəndimə yola düşüb, Novruz bayramı günü kəndə çatdım.

Kəndə çatmağıma, hər şeydən çox, Bakı telekanalına baxa biləcəyimə görə sevinirdim. O dövr bizim üçün yeganə informasiya və əyləncənin olduğu məkan ancaq radio və televiziya idi. İran telekanalları bizə maraqsız gəlir və cəzbedici görünmürdü. Kənddə isə nə qəzet, nə də telefon var idi.

Evə çatıb bir az özümə gələndən sonra dedim ki, bəs televiziya niyə bağlıdır? Açın baxaq da. Evdəkilər bir-birlərinin üzünə baxıb, bir az duruxdular. Sonra atam dedi ki, bala, baban rəhmətə gedib.

Artıq mənim o vaxtlarım idi ki, babamın dediklərinin məktəbdə oxuduqlarımdan daha doğru və dəyərli olduğunu anlamışdım.

*
Bakı radio-televiziyası, xüsusilə 88-ci ildən sonra daha da maraqlı olmuşdu. Azərbaycan tarixinin ən həssas və həlledici günləri başlamışdı. Bakıda Meydan hərəkatı güclənirdi. 1989-cu ilin sonlarında isə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndi tərəfdən millət Araz qırağına tökülüb, sərhəd məftillərini sökməyə başlamışdı. Həmçinin, Güney Azərbaycan tərəfdən insanlar Arazın qırağına axışırdı. Hər iki tərəf həyəcan və sevinc hissi içərisindəydi: Milli birlik və həmrəyliyin ən bariz nümunəsini göstərirdilər.

Mən də demək olar ki, hər həftənin altı-bazar günləri yaxın dostlarımla Araz qırağına toplaşıb, milli birlik üçün şüarlar verir, Quzey Azərbaycanın azadlığa qovuşa biləcəyinin sevincini yaşayırdıq. Bu möhtəşəm mənzərə fonunda rəhmətlik babamın nə qədər haqlı olduğu və necə də həsrətlə dünyadan köçməsi gözümün önünə canlanırdı.

Mən o illər məktəbdə müəllim işləyirdim. İşlədiyim məktəb Araz qırağına yaxın, Şərur rayonunun Sədərək kəndi ilə üzbəüz idi. Sədərəkdən atışma səsləri gələn kimi qaçır, bir təpə var, ora çıxıb, həyəcanla baxırdım. Dua etməkdən başqa əlimdən heç nə gəlmirdi.

Quzeydə baş verən hadisələrdən xəbərdar olmaq üçün üsusilə “Azadlıq” radiosunda Mirzə Xəzərin verdiyi məlumatları bir an belə buraxmırdım.

1990-91-ci illər bir tərəfdən ermənilərin Qarabağda insanları yurd-yuvasından didərgin salıb, qırğınlar törətməsi, bir tərəfdən də 20 Yanvar hadisəsinin baş verməsi az qala sevincimizi boğacaqdı ki, milli birliyin gücü qələbə çaldı. Azərbaycan müstəqilliyini elan edərək, dünya dövlətləri tərəfindən tanınmağa başladı.
İmperiya nə qədər çalışsa da, milli birlik və bütövlük ruhunu sındıra bilmədi: Düşündüyüm möcüzə baş verdi.

İndi isə daha böyük tarixin gələcəyinə inanıram:

BÜTÖV AZƏRBAYCAN-a doğru…

Teqlər: