Ağdam yolundan daşımaların gündəmə gəlməsindən sonra separatçılar arasında kəskinləşən qarşıdurmada Araik Arutyunyana həm “siyasi qüvvələr”, həm də “rejim daxilində” təzyiqlər edilirdi.
Samvel Babayan Ağdam yolunun açılmasını dəstəkləyir, Ruben Vardanyan qarşı çıxır, eyni zamanda, separatçı rejimin özündə də bu məsələni dəstəkləyən və qarşı çıxanlar var. Araikin “istefası” məsuliyyəti üzərindən atmaq kimi görünür. Lakin bu prosesdə əsas məqam Azərbaycanla kimin danışıqlar aparması məsələsidir.
Araik “istefa”dan öncə qondarma “dövlət naziri” Qurgen Nersisyanın yerinə Samvel Şahramanyanı gətirdi və ona geniş “səlahiyyətlər” verməklə separatçıların faktiki yeni “rəhbəri” etdi. Şahramanyan martın 1-də Xocalıda keçirilən görüşdə Qarabağdakı ermənilərin “nümayəndəsi” kimi iştirak etmişdi. Ağdam yolunun açılması gündəmdə olduğu vaxt Bakının erməni əhalisi ilə təmasları da aktuallaşıb və Araikin “istefası”, yerinə Şahramanyanın gətirilməsi də bununla bağlıdır. Və burada Rusiya izi aydın görünür. Xocalı görüşündə iştirak etmiş Şahramanyanın timsalında separatçıları erməni əhalisinin “təmsilçisi” olaraq qəbul etdirmək istəyirlər.