Araikdən gülünc: Moskva görüşünü biz təşkil etdik

Araikdən gülünc: Moskva görüşünü biz təşkil etdik

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərindəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan 17 iyulda başlatdığı “oturaq aksiyanı” dayandırdığını elan edib.

AzerTimes xəbər verir ki, Araik “bir həftə sonra” – 24 iyulda aksiyanı dayandırdığını bildirsə də, nədənsə açıqlamasını bu gün – 26 iyulda yayıb.

O, bu müddət ərzində “nail olduqlarını” sıralayıb: Azərbaycana təzyiqlər artıb, beynəlxalq səviyyədə təbliğat genişlənib, Ermənistan humanitar yardım göndərməkdə israr edir və maşın karvanları yola düşmək üzrədir və s.

Araik hətta Moskvada ötən gün baş tutan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün də “bu aksiyanın nəticəsi” olduğu haqda gülünc bəyanat verib. Nəzərə alsaq ki, ötəngünkü görüşdə Azərbaycanın mövqeyinə uyğun olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov ümumiyyətlı “Dağlıq Qarabağ” sözündən istifadə etməyib, onda Araikin necə gülünc iddia səsləndirdiyi bir daha aydın olur.

Amma Araik bu açıqlamasında İrəvanın bu gün humanitar yardım göndərmək israrı haqda çox maraqlı nüansa toxunub. O bildirib ki, Azərbaycan ya yardımın keçməsinə imkan verəcək, ya da yardımı buraxmamaqla “ermənilərə qarşı soyqırım siyasəti apardığını dünyaya göstərəcək”.

Belə bəlli olur ki, Ermənistanın bu gün 10 yük maşını ilə 400 ton ərzağı Xankəndiyə göndərmək üçün hazırlaması və o “mərasimə” səfirləri dəvət etməsinin səbəbi də məhz budur: Azərbaycan ya icazə verəcək və geri addım atacaq, yaxud da ermənilər daha bir təbliğat fürsəti əldə edəcəklər…

Teqlər: