Xatırlatmaq istəyirəm ki, hər dəfə Azərbaycan dövləti ərazimizə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların məsuliyyət bölgəsində hansısa sərt addımlar atmağa başlayanda separatçı tör-töküntülərin başçısı Araik Arutyunyan İrəvana, Moskvaya və ya başqa ölkələrə qaçıb gedir. İndi isə Arutyunyanla Vardanyan ikisi də cütləşib xarici ölkələrə qaçıb. Ruben Vardanyan da ilk Moskvaya, oradan da başqa ölkəyə gedib.
Bu sözləri AzerTimes-a Araik Arutyunyanın Fransada keçirdiyi görüşlər və Ruben Vardanyanın Almaniyanın məşhur ZDF televiziya kanalına müsahibəsi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Şərhçi pozuculuq fəaliyyətlərinin Azərbaycanın təzyiq imkanlarını daha da artırdığını, problemlər həll olunduqdan sonra isə əgər belə davam etsə, Fransa və Almaniyanın dövlətimizlə tərəfdaşlıq imkanlarını itirəcəyini vurğulayıb:
“Arutyunyan və Vardanyan özləri də oyuncaq olduqlarını yaxşı dərk edirlər. Bu şəxslərin harada nə bəyanat verməsindən daha çox qorxub qaçmaları önəmlidir. Yəni bəhs etdiyimiz cütlük Qarabağda yaşayan ermənilərə yalan vədlər verir, ancaq quyruqları qapı arasında qalanda dabanlarına tüpürüb arxaya baxmadan qaçır. Yəni biz bölgədə yaşayan ermənilərin görməsi üçün bu alqoritm haqqında davamlı şəkildə danışmalıyıq, məsələni gündəmdə saxlamalıyıq. O ki qaldı onların qaçdıqları Rusiya, Fransa və Almaniyaya, bildirmək istəyirəm ki, adları çəkilən ölkələrin hərəsinin öz marağı var. Məsələn, Fransa və Almaniya hazırda Azərbaycandan qaz almır. Fransa “Əsrin Müqavilə”sində tərəf kimi iştirak etsə də, dövlətimizin daxili işlərinə müdaxilə cəhdlərinə görə mərhələli şəkildə prosesdən çıxarıldı. Bizim Avropada enerji məsələsində əsas müttəfiqimiz birinci İtaliyadır, ikincisi isə Balkan yarımadası və Aralıq dənizində Cənub-Şərqi Asiya ölkələridir. Berlin və Paris müvəqqəti istifadəyə yararlı Arutyunyan və Vardanyandan Azərbaycana təzyiq göstərmək üçün istifadə edir. Çünki Ankara və Bakının birləşərək yaratdıqları güc mərkəzindən çox narahatdırlar. Ölkəmizin güclənməsini həzm edə bilmirlər. Lakin bunun heç bir faydası yoxdur, çünki etdikləri hər həmlə Azərbaycana Qarabağdakı separatçılara daha sərt hərbi müdaxilə üçün yeni səbəblər verir. Bu səbəblərə rus sülhməramlıların fəaliyyəti ilə bağlı artan narazılıq, Laçın dəhlizindən qanunsuz şəkildə daşınan silahlar, İrandan Qarabağa göndərilən terror təlimçiləri və s. məsələlər daxildir. Azərbaycanın həm Rusiyaya, həm də İrəvana təzyiqlərini artırması da göz qabağındadır. Nəticə etibarilə Qarabağ məsələsi tam həll olunandan sonra bütün pozucu qüvvələr bölgədən qaçacaq. Fransa ilə Almaniya isə Azərbaycanı itirəcək”.