Qarabağdakı separatçı-terrorçu rejimin qondarma rəhbəri Araik Arutyunyan Moskvadadır.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazır.
Nəşrin iddiasına görə, Arutyunyan bir neçə gündür Rusiyaya gedib və Moskvada müxtrəlif dairələrlə görüşlər keçirir. Səfərin gizli şəkildə edildiyi bildirilir.
“Səfərin məqsədi Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Zabuxun Azərbaycana təhvil verilməsi məsələsini aydınlaşdırmaqdır”, – nəşrin mənbələri qeyd edirlər.
10 noyabr Bəyannaməsinin şərtinə görə, Laçın dəhlizinə alternativ marşrut istifadəyə verildikdən sonra şəhərin mərkəzi və dəhliz üzərində yerləşən ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Ermənilər bunun icra edilməməsi istiqamətində çalışır. Mümkün təxribatların olması da istisna deyil, Arutyunyanın Moskvaya səfəri də bu gözləntini artırır.
Bununla yanaşı, separatçının Rusiyaya hansı pasportla getməsi, Moskvada qəbul olunması da diqqətçəkən məqamlardandır. Bu, Rusiyanın Qarabağdakı separatçı-terrorçuları de-fakto “tərəf” kimi qəbul etməsi deməkdir.