Azərbaycan Prezidenti İlham Əliyevin martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi ərəb və Pakistan KİV-lərində geniş işıqlandırılıb.
Trend xəbər verir ki, nüfuzlu “Arabnews” qəzetində AZƏRTAC-a istinadla yayılan “Azərbaycan Pakistanı bütün sahələrdə, o cümlədən Kəşmir məsələsində dəstəkləyir” sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın Vətən müharibəsində nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistan xalqına təşəkkürünü bildirdiyi qeyd olunur. Yazıda Prezident İlham Əliyevdən sitat da gətirilib: “Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir”.
Pakistanın nüfuzlu “The International” nəşrində yayılmış xəbərdə isə general Nadim Razanın Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi, həmçinin müdafiə naziri Zakir Həsənov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşləri barədə Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat üçün rəsmi açıqlaması yayılıb. Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələrinin rəhbərliyi qardaş Azərbaycanın Ordusu ilə tam həmrəyliyini ifadə edib.