Ara Ayvazyanın simasında Ermənistandakı istefalar davam edəcək – Politoloq

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın istefası Ermənistanın daimi siyasi böhran içində olduğunu göstərir. Düşünürəm ki, A.Ayvazyanın simasında Ermənistandakı istefalar bundan sonra da davam edəcək.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistana elə bir tarixi dərs verib, zərbə vurub ki, Ermənistanda baş verən nizamsızlıq, idarəolunmazlıq, xaos daha da dərinləşir:

“Belə ki, faktiki olaraq ölkə altı aydan artıqdır ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə insanlar arasında inamsızlıq, qarşılıqlı ittihamlar irəli sürülür. Əgər müharibə dövründə Ermənistan hərbi texnikasını itirmişdisə, ondan sonrakı zaman ərzində ölkə hər keçən gün idarəçilik mexanizmini də itirir. Belə ki, ölkədə siyasi böhran o qədər dərinləşir ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan da istefa verdi. Bu isə birmənalı şəkildə onu deməyə əsas verir ki, Ermənistanın düçar olduğu hazırkı vəziyyət müharibədən daha ağırdır.

Cənab Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı səsləndirdiyi bir fikiri də əsas götürsək hesab etmək olar ki, artıq Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər, vaxt itirdilər və əslində hələ də itirməkdə də davam edirlər.

Bu gün ölkənin bəzi siyasi liderlərinin ritorikası bölgə üçün qəbul edilən ümumi yanaşmadan, qərardan və hər hansı bir qəbul edilən çərçivədən tamamilə uzaqdır. Ölkənin hal-hazırki vəziyyəti müstəqilliyi qazanan zaman ilə müqayisədə daha ağırdır. İllərlə işğal siyasətinə görə Ermənistan regiondakı enerji və daşımalarla bağlı təşəbbüslərdən, fəal əməkdaşlıqdan və inteqrasiyadan məhrum oldu. İndiki reallıq isə onları daha bir həqiqətlə üz-üzə qoyur ki, revanşist fikirlər səsləndirməyin yox, ölkənin siyasi vəziyyətinə nəzər yetirib, onu normal idarəçilik sisteminə qaytarmaqla istər Azərbaycanla, istərsə də digər region ölkələri ilə barışdırıcı, uzlaşdırıcı mövqe sərgiləməkdən keçir. Belə olmadığı təqdirdə Ayvazyanın simasında Ermənistandakı istefalar axırıncı yox, axarıncı olacaq”.

Teqlər: