Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim 2021-ci il 10-12 avqust tarixlərində İslam Ölkələrinin Statistik, Sosial-İqtisadi Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) tərəfindən Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Potensialının Gücləndirilməsi Proqramı (Agri-CaB) çərçivəsində “Qida tullantılarının azaldılması” mövzusunda keçirilib. Təlimlər Malayziya Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi ilə Malayziya Qatı Tullantıların İdarə Edilməsi və İctimai Təmizlik Korporasiyasının (SWCorp) mütəxəssisləri tərəfindən tədris olunub. Təlimdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 25 ölkənin müvafiq dövlət qurumlarından 100-dək mütəxəssis iştirakı edib.
Təlim məhsul yığımı, məhsul yığımından sonrakı emal, pərakəndə satış və istehlak mərhələləri də daxil olmaqla, istehsal və təchizat zəncirlərində qida itkisi və tullantılarının (FLW) idarə olunması və nəzarəti məqsədilə keçirilib. Təlimdə qida tullantılarının kompostu və heyvan yemi ilə bağlı Malayziya təcrübələri, habelə resurslardan daha səmərəli istifadə və qida sektorunun davamlılığını təmin etmək üçün strategiya və maarifləndirmə proqramlarından bəhs olunub. Həmçinin ərzaq təhlükəsizliyinin dünyanın bir çox ölkələrində, eləcədə İƏT-yə üzv olan bir çox ölkələr üçün də ciddi bir problem olduğu vurğulanıb. Bildirilib ki, İƏT üzv ölkələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsində qida itkisi və tullantılarının səmərəli idarə edilməsi və nəzarəti olduqca vacibdir.
Sonda mövzularla bağlı müvafiq təqdimatlar verilib, müxtəlif təcrübələr bölüşülüb. Daha sonra iştirakçılar beynəlxalq sertifikatlarla təmin edilib.