AQTA sədri yerli şərab istehsalçıları və ixracatçıları ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində
(AQTA) yerli şərab istehsalçıları və ixracatçıları ilə onlayn
formatda görüş keçirilib.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli ölkədə şərab istehsalı və
ixracatı sahəsində görülən işlər, iqtisadiyyatın diversifikasiyası,
o cümlədən qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan bu
istiqamətə verilən dövlət dəstəyi və bununla bağlı həyata keçirilən
tədbirlər – özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı
qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış
əlverişli şərait barədə iştirakçılara məlumat verib. Həmçinin
daxili istehlak bazarının tələbatının ödənilməsi ilə yanaşı, şərab
istehsalı sahəsində ixrac imkanları və potensialının artırılması,
müəssisələrin fəaliyyətinin müasir texnologiyalar əsasında
qurularaq daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin
aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz
edildiyini diqqətə çatdıran Agentlik sədri şərab məhsullarının
fiziki-kimyəvi və toksikoloji sınaqları, məhsulun keyfiyyətinə və
təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə
parametrlərinin düzgün şəkildə müəyyən edilməsinin vacibliyini
vurğulayıb.

Daha sonra Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları
Assosiasiyasının nümayəndələri görülən işlər və bu sahənin
inkişafına verdiyi dəstək üçün AQTA-ya təşəkkürlərini ifadə
ediblər.

Görüşdə sahibkarları maraqlandıran məsələlər dinlənilib, milli
şərab istehsalı sahəsinin inkişafına mane olan səbəblərin tamamilə
aradan qaldırılması, o cümlədən, qanunsuz olaraq gizli sexlərdə
saxta içki istehsalı istiqamətində görülən tədbirlərin davam
etdirilməsinin əhəmiyyəti önə çəkilib.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam
etdirilən görüşdə verilən təklif və rəylərin nəzərə alınacağı
bildirilib.

Teqlər: