Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
taxıl istehsalçıları və emalçıları ilə görüş keçirib.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə AQTA sədri Qoşqar Təhməzli taxıl istehsalı
və idxalı sahəsində görülən işlər, bu sahədə ölkəmizin idxal
tələbləri, idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və
onlarla mübarizə üsulları barədə iştirakçılara məlumat verib.
Bildirilib ki, ölkənin fitosanitar vəziyyətinin sabit
saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşür.
Sahibkarlara verilən dövlət dəstəyi və təlimatlar əsasında son
illərdə işlərin daha səmərəli qurulduğu və yüksək nəticələrin əldə
olunduğu diqqətə çatdırılıb. Eyni zamanda sahibkarlar icazə
sənədlərinin alınması ilə bağlı öz məmnunluqlarını ifadə
ediblər.
Daha sonra taxıl istehsalı, idxalı və emalı sahəsində fəaliyyət
göstərən sahibkarların problemləri dinlənilib və onların həlli
istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq
göstərişlər verilib.