Aprelin 25-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq
və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor)
nümayəndə heyətini qəbul edib.
AQTA-dan AzerTimes-a bildirilib ki, “Rosselxoznadzor”un rəhbərinin
köməkçisi Dauşev Artem Adqamoviç və İxrac-İdxal Əməliyyatları və
Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Semenov Vyaçeslav
Vladimiroviçin olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki
ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə
olduğu vurğulanıb. Tərəflər arasında imzalanmış ikitərəfli sazişlər
üzrə işlərin davam etdirilməsi, qida məhsullarının, baytarlıq və
fitosanitar nəzarətdə olan məhsulların keyfiyyət və təhlükəsizlik
göstəricilərinə nəzarətlə bağlı qurumlararası İşçi Qrupun
yaradılması, bu istiqamətdə təcrübə mübadiləsinin həyata
keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin bu münasibətlərin
davamlı inkişafı üçün perspektiv imkanların araşdırılması və
müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə
olunub.
Daha sonra ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və
qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi
aparılıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar
Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti aprelin 26-da
Bakıda keçiriləcək Azərbaycan və Rusiya arasında iqtisadi
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak
etmək üçün Bakıda səfərdədir.