AQTA sədri Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri ilə görüşüb (FOTO)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli ilə Moldova Respublikasının kənd təsərrüfatı
və qida sənayesi naziri Viorel Gerçiu arasında ikitərəfli görüş
keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, görüşdə
Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida
təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl
tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib.
Bildirib ki, son illər bu sahədə görülən məqsədyönlü tədbirlər
nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac
potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə
edilib.

Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri
Viorel Gerçiu ölkələr arasında bütün istiqamətlər, o cümlədən qida
təhlükəsizliyi sahəsində əməkdaşlığın geniş perspektivləri
olduğunu, münasibətlərin yeni müstəvidə dinamik inkişafı üçün
qarşılıqlı əməkdaşlığın inkişafının zəruriliyini diqqətə
çatdırıb.

Daha sonra qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı
sahələrində normativ hüquqi bazanın yaradılması üçün saziş
layihələrinin hazırlanması məqsədilə danışıqların həyata
keçirilməsi və bu məqsədlə işçi qrupun yaradılması, eyni zamanda
hər iki ölkənin qida təhlükəsizliyinə dair qanunvericilik bazasının
Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması ilə bağlı
qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə
olunub.

Görüşdə, həmçinin Heyvanların İdentifikasiyası və Qeydiyyatı
Sistemi (HİQS) üzrə Moldova təcrübəsinin öyrənilməsi,
sertifikatların qarşılıqlı tanınması və elektron mübadiləsinin
həyata keçirilməsi üçün sistemlərin inteqrasiyası və s.
istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.

Teqlər: