AQTA sədri Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə səfərdə olan Ümumdünya
Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin
Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüşüb.

Görüşdə Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya
qoyulan hədəflər, müvafiq sahədə həyata keçirilən dövlət
tənzimləməsi və nəzarəti haqda ətraflı məlumat verib. Qida
təhlükəsizliyi sahəsində Agentliyin normayaratma fəaliyyətindən söz
açan Q.Təhməzli qida zəncirinin bütün mərhələlərini əhatə edəcək
yeniliklər, onların tətbiqindən gözlənilən nəticələr barədə
qonaqları məlumatlandırıb. Sədr AQTA-nın müvafiq beynəlxalq
təşkilatlarla qarşılıqlı və sıx əlaqədə fəaliyyət göstərdiyini, bu
baxımdan, OIE ilə qurulan əməkdaşlığa xüsusi önəm verildiyini də
diqqətə çatdırıb.

Ekspert Qrupunun rəhbəri Sabine Hutter, OİE-nin Avropa üzrə
regional ofisinin rəhbəri, quduzluq xəstəliyi üzrə ekspert Budimir
Plavsic səmimi qəbul və geniş məlumat üçün minnətdarlıqlarını ifadə
ediblər. Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin
təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq
standartlarının təmin olunması ilə bağlı görülən işləri yüksək
dəyərləndirən qonaqlar əməkdaşlıqda birgə fəaliyyətin qarşıdakı
illərdə də öz töhfəsini verəcəyinə əminliklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi
Vəli Novruzovun da iştirak etdiyi görüşdə PVS aləti üzrə
qiymətləndirilmənin milli baytarlıq sistemlərinin dünyada və
beynəlxalq təşkilatlarda tanınması ilə bağlı əhəmiyyətindən
danışılıb. Həmçinin son dövrlərdə Agentlik tərəfindən ölkənin
bioloji təhlükəsizliyinin təmin edilməsi yolu ilə ümumi
epizootoloji salamatlığa töhfə verilməsi istiqamətində ciddi
tədbirlərin həyata keçirildiyi, baytarlıq laboratoriya sisteminin
yüksək standartlara uyğun quruldugu vurğulanıb. Eyni zamanda
baytarlıq xidməti və nəzarətinin sərhədləri müəyyənləşdirilməklə
hüquqi baza yaradılaraq xidmətdə özəlləşdirilmə aparılıb,
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qurulmağa
başlanılıb, heyvan xəstəliklərindən azad zonaların yaradılması
istiqamətində fəaliyyətlər genişləndirilməklə OİE ilə əməkdaşlıq
daha da möhkəmləndirilib.

Qeyd edək ki, OİE-nin milli və regional səviyyədə həyata
keçirdiyi qiymətləndirmə ölkəmizin heyvan, heyvan mənşəli məhsul və
xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri,
baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və
xırda fermer təsərrüfatları üçün geniş imkanlar yaradacaq. Bu
tədbirlər nəticəsində beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma
prosesləri asanlaşdırılacaq, eyni zamanda baytarlıq xidmətlərinin
keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da
genişləndirilməsi mümkün olacaq.

Teqlər: