AQTA sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida
təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının
verilməsi elektron sistem vasitəsilə həyata keçirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, sahibkarlıq
subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə
müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida
təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə
etmək imkanına malikdirlər. Lakin son zamanlar özünü broker
təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi
loqosunu öz reklam vasitələrində və elektron səhifələrində
yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək
və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və
fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı
səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə
yanlış təəssürat yaratmağa çalışırlar.

AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması,
prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata
keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə
halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə
alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və
neqativ hallara şərait yaradır.

Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək
şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar
sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında
təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi
şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün
sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı
alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində
qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq
təşkilatlara müraciət ediləcəkdir.

Teqlər: