AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)

Cari ilin 3-4 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə “Azərbaycanda quş qripi xəstəliyinə qarşı sahə simulyasiyası təlimi” keçirilib.

AQTA-dan AzerTimes-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının iştirak etdiyi simulyasiya təlimində ehtimal olunan xəstəlik ocağından törədicinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Heyət işə başlamazdan öncə təlimatlandırılıb, fərdi mühafizə vasitələri ilə təmin edilib, eləcə də şərti olaraq qeyri-sağlam təsərrüfatın girişində dezbaryerlər və yoxlama postları yaradılıb. Yoxlama postlarına daxil olan və çıxan nəqliyyat vasitələri dezinfeksiya edilib, şəxslər haqqında məlumatlar qeyd olunub.

Yerli Böhran Mərkəzinin nümayəndələri xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə epizootoloji təhlil aparıb, ehtimal olunan ocağın sərhədlərini, qeyri-sağlam məntəqəni və təhlükəli zonanı müəyyən ediblər. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilib və təsərrüfatlarda yüksək patogen quş qripinin mövcudluğunu müəyyən etmək məqsədilə lazımi araşdırmalar aparılıb. Yüksək patogen quş qripi xəstəliyinin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilib, eyni zamanda yoluxma zonasında toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirilib. Yoluxma zonasından patoloji materiallar (ölmüş quş, yaxma və s.) götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun biotəhlükəsizlik səhra laboratoriyasında PZR üsulu ilə xəstəliyin diaqnostikası həyata keçirilib. Analizlərin nəticələri ilə bağlı Yerli və Respublika Böhran Mərkəzləri məlumatlandırılıb.

Qeyd edək ki, hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi yayılıb. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırır.

Simulyasiya təliminin keçirilməsində məqsəd xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, quşlarda yüksək patogen quş qripi xəstəliyi ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasıdır.

Teqlər: