Xəbər - Samir Əli – Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
O bildirib ki, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı müəyyən edilib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.
Q. Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.