AQTA-dan qarğıdalı yağları ilə bağlı müzakirələrə cavab

AQTA-dan qarğıdalı yağları ilə bağlı müzakirələrə cavab

Türkiyədə istehsal olunan “Kırlangıc” əmtəə nişanlı qarğıdalı yağlarını Azərbaycana 5 sahibkarlıq subyekti idxal edilr.

AzerTimes xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) mediada və sosial şəbəkələrdə “Kırlangıc” yağlarının etiketlənməsi və təhlükəsizlik göstəriciləri ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilərkən bildirilib.

Məlumatda qeyd olunub ki, ölkəyə bu məhsulları birbaşa istehsalçıdan yalnız “Sham-Fi International Trading Company” MMC gətiir: “İdxalçının sifarişi əsasında məhsulların üzərindəki etiket məlumatları türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq etiketdə idxalçı müəssisənin də adı qeyd edilməklə birbaşa idxal olunur. Digər idxalçılar isə sözügedən məhsulları qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq, Türkiyənin topdansatış bazarından gətirir. Həmin məhsulların qablaşdırılması üzərində yalnız türk dilində məlumatlar olduğu üçün “Qida təhlükəsizliyi haqqında” qanunun 17-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 7.3-cü yarımbəndinə uyğun olaraq, əlavə yerləşdirilən stiker vasitəsilə malların üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də yazılması Agentlik tərəfindən təmin edilir”.

“Diqqətə çatdırırıq ki, idxal olunan eyni əmtəə nişanlı məhsulların qablaşdırılması üzərində mövcud olan dizayn fərqi idxalçı və istehsalçı müəssisələrin idxal tələbləri və şərtləri əsasında tərtib edilir. Eyni zamanda bildiririk ki, ölkəmizə gətirilən bütün qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, AQTA-nın nəzarət tədbirləri çərçivəsində sənəd, fiziki və eynilik nəzarəti həyata keçirildikdən sonra və yoxlama nəticələrinin uyğunluğuna əsaslanaraq məhsul partiyalarının idxalına icazə verilir və sertifikatlaşdırılır. Bu isə öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış məhsulların originallığına şübhə yaratmamalıdır. İstehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olduğu təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər”, – məlumatda vurğulanıb.

Teqlər: