Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ərazilərdən quş əti və quş yemlərinin idxalına məhdudiyyət qoyub.
Bu barədə AzerTimes-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Mərkəz dairəsində nodulyar dermatit, Polşa Respublikasının Malopolsk inzibati ərazisində, İsveç Krallığının Qotland əyalətində və Toqo Respublikasının Maritaym vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə, zonalaşma prinsipi nəzərə alınmaqla, İsrail Dövlətinin Mərkəz dairəsində, xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusdan bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, Polşa Respublikasının Malopolsk inzibati ərazisində, İsveç Krallığının Qotland əyalətində və Toqo Respublikasının Maritaym vilayətində, xəstəlik baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.