Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
AQTA-dan AzerTimes-a daxil olan müraciətdə bildirilib ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib:
“Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara şəhərində istehsal edilən “Mister Sidr” nişanlı alkoqollu içkinin səbəb olduğu aşkarlanıb.
Bəyan edirik ki, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək adıçəkilən alkoqollu içki məhsulu Azərbaycana idxal edilməyib. Həmçinin ötən dövrdə aparılan nəzarət tədbirləri zamanı ölkə ərazisində həmin məhsulun satışı hallarına rast gəlinməyib. Bununla belə, AQTA Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət ünvanlayaraq bildirir ki, “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsullarını şəxsi istehlak üçün əl yükündə gətiriblərsə, həmin içkilərin istehlakından imtina etsinlər. Eyni zamanda, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər”.