Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 15 idmançının
qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.
AQTA-dan AzerTimes-a bildirilib ki, qeyd edilən hadisənin səbəbləri,
həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin
mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən
araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat
veriləcək.
Qeyd edək ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon
Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida
zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon
prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən
edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq
məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş
təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15
nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və
qusma əlamətləri ilə xəstəxanaya müraciət etmiş, həmin şəxslər
ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək
məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə
göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma
aparılır.