Xəbər - Samir Əli – Trend:
2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 11 milyon manatdan artıq sığorta haqqı toplanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə ölkə banklarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə keçirilən görüşdə bildirilib.
“Azərbaycanda aqrar sığorta məhsulları: aqrar sahədə risklərin sığortalanması və fermerlərin maliyyə əlçatanlığına aqrar sığortanın dəstəyi” adlı görüşdə Aqrar Sığorta Fondu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA), «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin rəhbər şəxsləri və ölkə banklarının kredit bölmələrinin rəhbərləri iştirak edib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi məhsullar, təminat verilən risklər, eləcə də Aqrar Sığorta Fondunun fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
Onun sözlərinə görə, hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsulu təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və ya ümumi əkin sahələrinin 19%-ni əhatə edib.
2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 11 milyon manatdan artıq sığorta haqqı toplanıb ki, bu da əvvəlki ildə ölkə üzrə toplanan vəsaitlə müqayisədə 4,3 dəfə artıqdır.
2022-ci ilin əvvəlindən etibarən sığortalanan bitki və heyvan növlərinin sayının artırılması aqrar sığortanın daha geniş fəaliyyət göstərməsinə və müxtəlif sahələrdə fəaliyyət göstərən fermerlərin faydalanmasına imkan verəcək.
Təqdimatda xüsusi vurğulanıb ki, dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta fermerlər üçün daha sərfəlidir, çünki sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.