Aqrar Sığorta Fondu hava şəraitinin dəyişməsi ilə əlaqədar
olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib.
Trend xəbər
verir ki, Fond əkin sahələrini sığortalayan fermer və sahibkarları
öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda
müraciət etməyə çağırıb.
“Son günlər hava şəraitinin dəyişməsi, temperaturun aşağı
düşməsi, yağıntılar və güclü külək əkin sahələri üçün təhlükə
yaradır. Bununla əlaqədar olaraq fermerləri əkin sahələrinə baxış
keçirməyə və hadisə baş verdiyi təqdirdə Fonda müraciət etməyə
çağırırıq”, – deyə müraciətdə bildirilir.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən
aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o
cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma),
leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan
sığortalayır. Artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı
ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa
başlayıb.
“Martın 5-də Qobustan rayonunun müxtəlif ərazilərində güclü
külək və qasırğa nəticəsində baş verən qum fırtınası əkin
sahələrinə böyük zərər vurub. Bununla bağlı edilən müraciətlər
əsasında fondun ekspertləri hadisə yerinə baxış keçirərək zərərin
qiymətləndirilməsinə başlayıblar. Hadisələrin araşdırılmasından və
zərərin müəyyən edilməsindən sonra fermerlərə ödənişlər ediləcək”,
– deyə məlumatda vurğulanıb.
Fond indiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta
etməyən fermerləri də aqrar sığortadan istifadə etməyə çağırıb:
“Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun
qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan
faydalanmaq ən sərfəli üsuldur. Qobustan rayonunda baş verən hadisə
sığortalı olmayan əkin sahələrinə də böyük zərər vurub. Həmin
sahələrin sahibləri zərərə görə kompensasiya ala bilməyəcəklər.
Hadisələrin araşdırılması zamanı əkin sahələrini sığorta etməyən
fermerlər bundan təəssüfləndiklərini bildiriblər. Gələcəkdə belə
halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi
ilə və sərfəli şərtlərlə sığortalamaq kifayətdir”.
Aqrar Sığorta Fondu bildirib ki, qarşıdan gələn Novruz Bayramı
günlərində iş günü olmasa da Fondun Çağrı Mərkəzi adi rejimdə
çalışacaq və hadisələr barədə müraciətləri qəbul edəcək.
Xatırladaq ki, Aqrar Sığorta Fondu 43 növ bitki və məhsulu
sığorta edir. Fond əkin sahələrini təbiət hadisələri – dolu,
şaxtavurma (donvurma), qasırğa, fırtına, sel-subasma, xəstəlik və
zərər vuricilər, eləcə də üçüncü şəxslərin hərəkətlərinin vurduğu
zərərdən qoruyur. Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının
sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi
internet səhifəsində «Bitkiçilik məhsulları»
bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin
sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə
saxlamaqla əldə etmək olar.