Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri, davamlı islahatları milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirib. Məhz belə uğurlu strategiya nəticəsində respublikamızda davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Doğrudur, pandemiya dövründə iqtisadi artımda müəyyən geriləmələr baş verdi. Bununla belə ötən il üçün ölkəmizin qeyri-neft sənayesində 11, kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb. Aqrar sektor üzrə bu artım bitkiçilikdə 1, heyvandarlıqda isə 2,9 faiz olub.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, planetimizə qara kabus kimi çökən koronavirus pandemiyası olmasına baxmayaraq, qeyri-neft sektorunda müşahidə olunan artım tempi Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir.
Aqrar sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyinin başlıca qarantı olduğu üçün dövlətimiz bu sahənin inkişafına daim dəstək verir. Aqrar sektorun inkişafı eyni zamanda ölkənin gəlirlərinin artırılmasına müsbət təsir göstərən faktora çevrilib. Ölkə Prezidentinin aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərinə xidmət edir. Bu baxımdan ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahənin inkişafına xüsusi diqqət verilir. Xüsusi ilə erməni işğalından azad edilən Qarabağda iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı kənd təsərrüfatının inkişafı istiqamətində atılan ciddi addımlar aqrar sahənin inkişafına öz töhfələrini əsirgəməyəcək.
İşğaldan azad olunan ərazilər münbit torpaq sahələrini əhatə etdiyindən, şübhəsiz ki, bu ərazilərdə digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, aqrar sahənin inkişaf perspektivləri daha yüksəkdir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq, arıçılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası, aqrar sahənin, qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək.