Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə Agentiyin fəaliyyət istiqamətləri üzrə bir neçə texniki normativ hüquqi akt Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, Kollegiya Qərarına əsasən, “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” təsdiq edilib.
Qanunvericiliyə uyğun olaraq, texniki normativ hüquqi aktlar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
“Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri” bitki adı ilə adlandırılan yağların (bundan sonra-bitki yağları) minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edir. Bu tələblərin işlənib hazırlanmasında “Bitki adı ilə adlandırılan yağlara dair” CXS (Codex Stan) 210-1999 saylı Kodeks Alimentarius Beynəlxaq qida standartına istinad olunub.
“Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya norma və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsuldar heyvanlardan əldə edilən heyvan mənşəli qida məhsullarında aşkar edilən baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin yolverilən maksimum qalıq miqdarını, o cümlədən heyvan mənşəli qida məhsullarında yol verilməsi qadağan olunmuş farmakoloji aktiv maddələri müəyyənləşdirir. Bu qaydaların işlənib hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.
“Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının “Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və “Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.