Aprel zəfəri ordu-xalq birliyinin təntənəsinə çevrildi – Deputat

Aprel zəfəri Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm edirdi. 4 gün davam edən həmin döyüşlər başda Ermənistan olmaqla, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü təmin edəcək. Şanlı Aprel zəfəri Azərbaycan xalqının qələbəyə inamını və mübarizə əzmini möhkəmləndirməklə Ermənistan ordusunun “məğlubedilməzliyi” ilə bağlı illərdir formalaşdırılmış qondarma mifləri darmadağın etdi. Cəmi 4 gün ərzində bir neçə mühüm strateji yüksəkliklər və əlverişli mövqelər düşmən tapdağından azad olundu. Azərbaycan Ordusunun gücü və döyüş ruhu bütün dünyaya nümayiş olundu. Bu döyüşlər Ordumuz üçün bir sınaq mahiyyəti daşıyırdı. Hərb meydanında sübut etdik ki, ən ümdə məqsədimizi reallaşdırmaq üçün böyük müharibəyə başlamaq iqtidarındayıq. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, məğlubiyyətin və acizliyin etirafı idi.

Prezident İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti ilə bağlı ifadə etdiyi bu sözlər Aprel zəfərinin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ortaya qoyur: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.

Aprel zəfəri ordu-xalq birliyinin təntənəsinə çevrildi. Bu birlik Vətən müharibəsində “Dəmir yumruğa” çevrilərək çoxmilyonlu Azərbaycan xalqının vahid məqsəd uğrunda səfərbər olunmasını təmin etdi. Bu baxımdan, Aprel döyüşləri Azərbaycan xalqını tarixi qələbəyə aparan yolun həlledici mərhələsinin başlanğıcını təşkil edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər həmin döyüşlərin məntiqi davamı və yekun nəticəsi idi. Torpaqlarımızın azadlığa qovuşması və Böyük Qayıdış prosesi 2016-cı ilin aprel döyüşlərində start götürərək 5 il sonra məntiqi sonluğa çatdı. Həm Aprel zəfəri, həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bütün dünyaya bu reallığı təlqin etdi ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcək.

Aprel döyüşlərindən sonra Böyük Qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı qəsəbəsi qısa müddət ərzində bərpa olunaraq öz sakinlərinə qucaq açdı. Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm edən bu qəsəbə həm də qüdrətli Azərbaycanın simvoludur.

Belə bir həqiqət var ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur. Ermənistan məhz Aprel döyüşlərindən lazımi dərsi çıxara bilmədiyi üçün 44 günlük müharibənin rüsvayçı nəticələrini yaşamağa məhkum oldu. Qeyd etmək lazımdır ki, Aprel döyüşləri Ermənistanda hakimiyyət dəyişikliyini körükləyən əsas səbəblərdən biri idi. Yaxşı olardı ki, indiki və gələcəkdə formalaşacaq Ermənistan iqtidarları da 44 günlük müharibənin nəticələrindən lazımi dərsi çıxara bilsinlər. Əks təqdirdə, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “Dəmir yumruq” yerindədir. Erməni faşizminin yenidən baş qaldırmasına əsla imkan verməyəcəyik.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Teqlər: