Aprel qələbəsi düşmənin illərdir formalaşdırdığı mifi yerlə yeksan etdi – Tamam Cəfərova

Azərbaycan tarixinin şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən 5 il ötür. 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata şanlı Azərbyacan ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib və düşmən ağır məğlubiyyətə uğradılmışdı. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə yeksan etdi və böyük qələbənin başlanğıcı oldu.

Bu barədə AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova bildirib ki, Azərbaycan ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Daha dəqiq desək, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Şanlı Azərbaycan ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələrinin nəticələrinə diqqət yetirəndə birinci növbədə vurğulamalıyıq ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Belə ki, Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür. İkincisi, bu ölkədə işğalçılığın və seperatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı “şanlı ordusunu” tanıdı və guya “məğlubedilməz erməni ordusu”nun bir mifdən ibarət olduğunu gördü. Həmçinin, Aprel qələbəsi, Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi. Azərbaycan xalqının mübarizə əzminin necə güclü olduğuna, Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığına güzgü tutdu. Xüsusilə vurğulamalıyıq ki, Aprel döyüşləri nəticəsində erməni xalqı dövlətinin işğalçılıq siyasətinin iflasa uğradığına şahid oldu. Eyni zamanda, Azərbaycan bütün dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi.

Deputat qeyd ki, Aprel qələbəsi Azərbaycan xalqının, dövlətinin və ordusunun tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonların düşmən işğalından azad olunması üçün hər cür fədakarlığı və hərbi qüdrəti göstərməyə qadir olduğunun təsdiqi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə bir qrup hərbiçimizlə görüşündə qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Cənab Prezidentin uzaqgörənliyi, qətiyyəti, müdrik siyasəti və Azərbaycan xalqının birliyi, həmrəyliyi, Ordumuzun qüdrəti sayəsində Azərbaycan bu işğalla barışmadı və nəyin bahasına olursa olsun torpaqlarımız düşmən işğalından azad olundu. Cəmi 44 gün davam edən Vətən müharibəsində işğal altında olan tarixi torpaqlarımız düşmən tapdağından xilas oldu. Azərbaycanın hərbi-siyasi yolla əldə etdiyi qələbə nəticəsində düşməni mənfur əməllərindən əl çəkməyə məcbur etdi. Artıq, bu gün Azərbaycan öz tarixi torpaqlarına “BÖYÜK QAYIDIŞ”ın astanasındadır. Bu elə bir “QAYIDIŞDIR” ki, ilk addımı Cocuq Mərcanlıdan atılıb və Dağlıq Qarabağın işğaldan azad olunması ilə davam edib.
“Tarixi qələbələrimiz münasibətilə Azərbaycan xalqını bir daha təbrik edirəm. Vətənimizin ərazi bütövlüyü, suverenliyi və Konstitusiya quruluşu uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”, Tamam Cəfərova belə deyib.

Teqlər: